İQTİSADİYYAT


Sığortaçılar Assosiasiyası inşaat sahiblərinə müraciət edib

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) inşaat sahiblərinə müraciət edib.

ASA-dan AZƏRTAC-a bildirilib ki, bu gün qlobal və lokal sığorta bazarında icbari növlərə aid məhsullar mühüm əhəmiyyət kəsb edir. Çünki icbari sığorta növləri bazarın əsas lokomotivi olub, insanlarda sığorta vərdişlərinin yaranmasında və formalaşmasında əhəmiyyətli rol oynayır. Qaydaları 2011-ci ildə qəbul edilmiş “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən icbari sığorta növləri arasında insanların kifayət qədər məlumata sahib olmadığı bir sığorta növü də var ki, bu da “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”dır. Sığortanın bu növü əmlak sahibinin hərəkət və hərəkətsizliyi nəticəsində qarşı tərəfin əmlak və ya sağlamlığına dəyən zərərin əvəzini ödəyir. Hər il baş verən ehtiyatsızlıq nəticəsində yarana bilən sığorta hadisələrinin sayını və nəticədə üçüncü şəxslərə dəyən zərərin ümumi dəyərini və həcmini nəzərə alsaq, adıçəkilən sığorta növünün əhəmiyyəti öz aktuallığını və vacibliyini bir daha təsdiq etmiş olur.

Qeyd edək ki, bu gün ölkəmizdə inşaat prosesi davam edən çox sayda yarımtikili var. Təhlükəsizlik tədbirlərinin tətbiqinə baxmayaraq, kiçik bir ehtiyatsızlıq yüksək məbləğdə maddi zərərlə yanaşı, həm də sağlamlığa ciddi xətər yetirmə ilə nəticələnir. Bu gün həmin mülk sahibləri fərdi qaydada inşaat sığortası məhsulunu da əldə etməklə, yarana biləcək risklərdən öz əmlaklarını və avadanlıqlarını sığortalaya bilərlər. Nəzərə almaq lazımdır ki, risk həmişə var. Sığorta isə baş vermə ehtimalı qaçılmaz olan riskin qarşısını almır, risk baş verdiyi zaman dəyən zərəri kompensasiya edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.