Sığortaçılar Assosiasiyası jurnalistlər üçün yazı müsabiqəsi elan edib
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) jurnalistlər arasında “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə start verib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, bu müsabiqə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” memorandumu çərçivəsində təşkil olunur. Yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq.
Müsabiqə dekabrın 1-də başlayır və 2022-ci il yanvarın 10-u saat 17:00-da başa çatır. Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər. Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir. Müsabiqədə iştirak edən yazılar ən az 3000, ən çox isə 5000 işarədən ibarət olmalıdır. Müsabiqə iştirakçısı müsabiqəyə məqaləni mətn faylında (word) təqdim etməli, həmçinin məqalənin dərc olunduğu qəzet və ya jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini göstərməklə saytdan çıxarılmış “print screen” versiyasını ASA-nın rəsmi e-mail ([email protected]) adresinə göndərilməlidir. Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var