İQTİSADİYYAT
Sığortaçılar Assosiasiyasının rəhbərliyi Moskvada beynəlxalq sığorta konfransında iştirak edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev və icraçı direktor Elmar Mirsalayev assosiasiya ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında imzalanmış memoranduma əsasən, Moskvada keçirilən “ESG-Insur 2021” – Sığorta sektorunda ESG prinsiplərinin tətbiqinə dair I beynəlxalq konfransda iştirak ediblər.
ASA-dan AZƏRTAC-a bildirilib ki, konfransda qlobal maliyyə bazarlarının növbəti illər üzrə inkişaf strategiyalarında ESG-nin (ekoloji, sosial və korporativ idarəetmə) davamlı təşviq imkanları əsas müzakirə mövzularından olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbər heyəti Ümumrusiya Sığortaçılar Birliyinin sədri İqor Yurgens ilə görüşərək iki qurum arasındakı əlaqələri tənzimləyən memorandum çərçivəsində növbəti mərhələdə birgə həyata keçiriləcək tədbirləri müzakirə edib.
ASA rəsmiləri konfrans çərçivəsində yerli sığorta bazarının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə Rusiyanın sığorta və təkrarsığorta sahəsi üzrə ixtisaslaşmış nüfuzlu “Sber Straxovanie”, “AIG”, “Rosqosstrax”, “Zurich” şirkətlərinin və Rusiya Avtomobil Sığortaçıları Birliyinin rəhbərlikləri ilə də təkbətək görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Assosiasiya rəhbərliyi səfər çərçivəsində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Rusiya Beynəlxalq Araşdırmalar Birliyinin təşkil etdiyi və Rusiyanın xarici siyasətinin təkamülünün, sosial siyasətin müasir reallıqlarda transformasiyasının, yeni müstəqil dövlətlərlə münasibətlərin xüsusiyyətlərinin və dinamikasının müzakirəsinə həsr edilən, əsasən iki mindən çox rusiyalı və xarici alimləri bir araya gətirən XIII Konventində də iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Ümumrusiya Sığortaçılar Birliyi arasında 2021-ci il iyulun 16-da qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.