İQTİSADİYYAT
Sığortaçılar üçün beynəlxalq seminar keçirilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Tədris Mərkəzi yerli sığorta bazarı iştirakçıları üçün beynəlxalq seminar təşkil edib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, “Anderaytinqdə beynəlxalq təcrübə” mövzusunda keçirilən seminar Azərbaycan Mərkəzi Bankının dəstəyi və məşhur “Willis Towers Watson” şirkəti ilə “Xəmsə” Sığorta Brokeri və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Ödənişsiz əsaslarla təşkil olunan seminarda dünya sığorta bazarının aparıcı beynəlxalq təkrarsığorta şirkətləri olan “Chubb”, “QBE” və “IGI”nın mütəxəssislərinin “D&O”, “Kiber-sığorta”, “Məsuliyyət sığortası”, “Əmlak Sığortası” və digər aktual istiqamətlər üzrə mühazirələri dinlənilib. Seminarın səmərəliliyini artırmaq məqsədilə iştirakçılar praktiki məşğələlərə cəlb ediliblər. Sığorta sektoru üçün bu kimi aktual mövzulara həsr edilmiş beynəlxalq seminar və tədbirlər növbəti mərhələdə də karantin qaydaları şərtlərinə riayət edilməklə davamlı şəkildə həyata keçiriləcək.