REGİONLAR


Sığortalı əkin sahələrinə dəymiş zərərlərin qiymətləndirilməsi prosesi yekunlaşmaq üzrədir

Bakı, 27 iyul, AZƏRTAC

İlin əvvəlindən indiyədək bitkiçilik üzrə sığorta hadisələri ilə bağlı daxil olmuş 599 müraciət əsasında 4500-ə yaxın təsərrüfatda təxminən 70 min hektar əkin sahəsinə baxış keçirilib.

Bu barədə AZƏRTAC-a Aqrar Sığorta Fondundan məlumat verilib.

Son yeddi ayda Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, sel, subasma və digər hallar bölgələrdə əkin sahələrinə ciddi zərər vurub.

Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri zərər dəymiş əkin sahələrində olublar, fermerlərlə görüşlər keçirib, onların müraciətlərini dinləyiblər.

Qeyd edək ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndirilib. Hadisədən dərhal sonra əkin ərazilərinə baxış keçirilib, sənədlərin uyğunluğu yoxlanılıb, dəyən zərər ilkin olaraq qiymətləndirilib. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni, fermerin sahədən gözlədikləri məhsuldarlıqla real şəkildə əldə edilən məhsuldarlıq arasında fərq dəqiqləşdirilir.

Zərərə görə sığorta ödənişləri fermerlər tam məhsulu biçdikdən sonra olunacaq. Hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət edilib və hadisənin baş verməsi barədə onların da rəyləri alınmaqdadır.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələrinə zərər verə biləcək xeyli sayda risklərdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları Aqrar Sığorta Fondunun sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.