MƏDƏNİYYƏT


Sikstin kapellasında Rafaelin şpalerləri nümayiş etdirilir

Bakı, 19 fevral, AZƏRTAC

Vatikan Muzeylər Kompleksi italyan İntibahının nəhənglərindən birinin – Rafaelin vəfatının 500 illiyi ilə əlaqədar cəmi bir həftə müddətinə rəssamın məxsusi olaraq Sikstin kapellası üçün yaradılmış şpalerlərini nümayiş etdirirlər.

AZƏRTAC “Theartnewspaper” saytına istinadla xəbər verir ki, Vatikan muzeyləri sənətsevərlərin Rafaelin Sikstin kapellası üçün yaradılmış on toxunma xalçasına fevralın 23-nə qədər elə bu kapellada tamaşa etmələrinə nadir fürsət verirlər. Şpalerlər XV əsrin böyük italyan rəssamları - Bottiçelli, Girlandayo, Perucino və Sinorelli tərəfindən Əhdi-Ətiq və Əhdi-Cədid süjetlərində yaradılmış freskaların əhatəsində və Mikelancelonun 1512-ci ildə başa çatdırdığı məşhur tavanın altında vitrinsiz nümayiş etdiriləcək.

Rafael Papanın sifarişi ilə apostol Pyotr və Pavelin fəaliyyəti mövzusunda silsilə səhnələr çəkib. Bu eskizlər əsasında Brüsseldə Piter Kuk van Alstın emalatxanasında xalçalar toxunub. Rafaelin kartonları kimi məşhur olan həmin eskizlər Britaniya Kral Kolleksiyasına daxildir, Viktoriya və Albert Muzeyində saxlanılır. Şpalerlərin özü adətən Vatikan Pinakotekasında, Rafael zalında şüşənin altında nümayiş etdirilir. Bu, şpalerlərin yaxşı saxlanması üçün vacib olsa da, onlara yaxından baxmaq istəyənləri məyus edir.

Papa X Lev bu şpalerləri ilk dəfə 1519-cu il dekabrın 26-da Müqəddəs Stefan günündə görüb. Şpalerlər dramatik kompozisiyaları və iri ekspressiv fiqurları ilə əsl sensasiya yaradıb və Vatikanın təşrifat məmuru Pari de Qrassini elə sarsıdıb ki, o deyib: “Qiyamət gününə qədər yer üzündə bundan daha gözəl heç nə olmayacaq”.

Qiymətli şpalerləri yalnız böyük bayramlarda asırdılar. İstisna deyil ki, Rafaelin özü onları kapellada birinci və sonuncu dəfə həmin gün görüb, çünki heç dörd ay keçməmiş rəssam 37 yaşında vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.