CƏMİYYƏT
Silahlı Qüvvələr Günü münasibətilə “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarınin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirilib.
AZƏRTAC BŞGİBİ-nin saytına istinadla xəbər verir ki, tədbirdə hərbi hissənin rəhbərliyi, Baş İdarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştirak ediblər.
Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək tədbirin əsas məqsədinin əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olduğunu qeyd ediblər.
Sonra əsgər və zabitlər arasında “Breyn-Ring” intellektual oyunu keçirilib.
Qalib komandalar baş idarə tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Daha sonra incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər.
Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs ediblər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat bəxş edib.