CƏMİYYƏT
Silahlı Qüvvələr Günü münasibətilə tədbir - “Müzəffər Ordu”
Bakı, 25 iyun, AZƏRTAC
“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək təşkilatı 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə “Müzəffər Ordu” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatının idarə heyəti, Milli Məclisin deputatları, qazilər, müharibə veteranları çıxış edərək xalqımızın artıq ikinci ildir Azərbaycan Silahlı Qüvvələrinin yaranma gününü xüsusi ovqat, böyük məmnuniyyət və qürur hissi ilə qeyd etdiyini bildiriblər. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi sübut edib ki, Azərbaycan hərbçisi nəinki Qafqaz regionunun ən güclüsüdür, eyni zamanda dünyanın ən peşəkar, ən qətiyyətli döyüşçüsüdür. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır.
Tədbirdə təşkilatın sədri Qalib Əliyev çıxış edərək Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirib. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Q.Əliyev qeyd edib ki, bu qələbəni xalqımıza bəxş edən Vətən övladları daim hər cür diqqət və qayğı ilə əhatə olunmalıdır.
“Dayaq” təşkilatının idarə heyətinin üzvü Zamin Zeynal bildirib ki, belə tədbirlərin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, Vətən müharibəsi qəhrəmanlarının ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda keçdikləri şərəfli döyüş yolunu böyüməkdə olan nəslə örnək kimi təqdim etməkdir.