Silahlı Qüvvələr Gününə həsr olunan “Qarabağ dastanı” layihəsinə yekun vurulub
AzerTAg.az
Bakı, 25 iyun, AZƏRTAC
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan “Qarabağ dastanı” layihəsinin yekun tədbiri keçirilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva tədbir iştirakçılarına “Qarabağ dastanı” layihəsi haqqında məlumat verib.
Tədbir zamanı iştirakçıların diqqətinə çatdırılıb ki, Qarabağda yaşamış insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaradıblar. Öz kökləri ilə ta qədim dövrlərə gedib çıxan Qarabağ təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlayıb. Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları, kilsələri, məbədləri və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus genofondunu yaradıb, onun zəngin irsini təşkil edib. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşıb. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustası Mir Mövsüm Nəvvab, şair və rəssam Xurşidbanu Natəvan və digərləri çıxış edirdilər. Öz zənginliyinə və öz unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olub və olacaq.
Layihə çərçivəsində işğal altında olan rayonlarımıza həsr olunan ən yaxşı təqdimatlardan ibarət ssenari nümayiş etdirildikdən sonra Binəqədinin ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında vətənpərvərliyə həsr olunan ifalar səslənib və Azərbaycan bayrağı əsgərlərin, gənclərin müşayiəti ilə səhnədə dalğalandırılıb.
Tədbirin sonunda Silahlı Qüvvələr Günü münasibətilə bir sıra hərbi qulluqçular, həmçinin “Qarabağ dastanı” layihəsinin ssenari müəllifi və musiqi tərtibatçıları, eyni zamanda, bu layihədə yer tutmuş məktəblərin kollektivləri mükafatlandırılıblar. Mükafatlar tədbirdə iştirak edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev və İmamverdi İsmayılov tərəfindən təqdim edilib.
Xaləddin İsgəndərov tədbirdə çıxış edərək deyib ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Hər bir şəhidimiz bizim üçün əzizdir. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burada cəbhədən uzaq olsaq da hər birimizin fikri, duası əsgərlərimizlədir. Hazırda güclü dövlətimiz, Prezident, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə irəli getməyə hazır olan rəşadətli ordumuz var.
Baş nazirin müavini Əli Həsənov tədbirə yekun vuraraq Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, milli mənəvi dəyərlərə, güclü dövlətçilik ənənələrinə malik olduğunu bildirib. O deyib ki, aprel döyüşlərində xalq öz ordusunun gücünü, ordu isə xalqın dəstəyini hiss etdi. Gənclərimiz Ali Baş Komandanımızın bir çağırışı ilə hər zaman Vətənin müdafiəsi uğrunda döyüşməyə hazırdır. Aprel döyüşlərində Ordumuzun qazandığı uğurlar hər birimizdə böyük ruh yüksəkliyi yaratdı. Artıq Ermənistan tərəfi qorxu içərisində yaşayır. Düşmənə bir daha məlum oldu ki, Azərbaycan Ordusu güclü ordudur. Bütün bunlar Prezidentimizin ordu quruculuğundakı uğurlu islahatlarının bariz nümunəsidir.
Əli Həsənov gənclərin milli mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət edən bu kimi layihələrə, tədbirlərə böyük ehtiyac olduğunu qeyd edib və belə layihələrə daha çox üstünlük verilməsinin önəmini vurğulayıb.











Xəbərin mətnində orfoqrafik səhv var