SİYASƏT


Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri müzakirə edilib

Bakı, 29 sentyabr (AZƏRTAC). Cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən “Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfrans Silahlı Qüvvələrin döyüş hazırlığı planına və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən təşkil edilib.

Tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, nazirliyin müvafiq idarə, xidmət, şöbə rəisləri, Əlahiddə Ümumqoşun Ordusunun, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin komandir və rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri, psixoloqlar, hərbi xidmətdə fərqlənən, zabitlər, gizirlər, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və əsgərlər iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Elmi-praktik konfrans ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himninin səsləndirilməsi ilə başlanıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik nitqi oxunduqdan sonra Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələlərinə dair məruzə və çıxışlar edilib, geniş müzakirələr aparılıb, təklif və tövsiyələr verilib.

Kərim Vəliyev bildirib ki, son zamanlar Silahlı Qüvvələrdə aparılan islahatlar şəxsi heyətin döyüş əzminin, mənəvi-psixoloji və peşəkar hazırlıq səviyyəsinin yüksək olduğunu deməyə əsas verir. Ordu quruculuğunun əsasını təşkil edən mənəvi-psixoloji təminat Silahlı Qüvvələrin döyüşə hazır olmasının ən əsas göstəricilərindən biridir. Bizim ən əsas vəzifəmiz ordunun döyüş qabiliyyətini artırıb, torpaqlarımızı düşməndən azad etməkdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə ordumuzun maddi-texniki təminatı günbəgün güclənir, şəxsi heyət müasir texnika və silahlarla təchiz olunur.

Konfransda Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, polkovnik Rüfət Əmirov “Silahlı Qüvvələrdə şəxsi heyətin mənəvi-psixoloji təminatının aktual məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Sonra “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında şəxsi heyətin tərbiyəsi”, “Şəxsi heyəti torpaqlarımızın işğaldan azad olunmasına səfərbər etmək qarşımızda duran mühüm vəzifədir”, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə aparılan tərbiyə işinin əsas xüsusiyyətləri”, “Hərbi qulluqçularla fərdi tərbiyə işinin və psixoloji testlərin təşkili”, “Silahlı Qüvvələrdə nizamnamədənkənar münasibətlər və onların qarşısının alınması sistemi”, “Silahlı Qüvvələrdə hüquq qaydalarının möhkəmləndirilməsi”, “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələri əməkdaşları ilə işin təşkli”, “Zabitlərin peşə hazırlığı və təkmilləşdirilməsi işinin vəziyyəti”, “Şəxsi heyətin qəhrəmanlıq ənənələri ruhunda tərbiyəsi” və digər mövzularda çıxışlar dinlənilib.

Sonda müdafiə nazirinin əmrinə əsasən, Silahlı Qüvvələrdə keçirilmiş “Ən yaxşı ictimai-siyasi hazırlıq qrupu”, “Ən yaxşı təşviqat işi” müsabiqələrinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıb. Müdafiənin ön xəttində xüsusilə fərqlənən hərbi qulluqçulara Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təsis etdiyi “Vətənə nümunəvi xidmətlərinə görə” mükafatı təqdim olunub.

Sonra tədbirin yekununa dair qətnamə qəbul edilib və konfransın materiallarının toplu şəklində çap olunması qərara alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.