CƏMİYYƏT


Silahlı Qüvvələrimiz Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınmasına daim hazır olmalıdır

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Azərbaycanın Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatlar törətməsi bir daha onu göstərir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi nə Vətən müharibəsindən lazımi dərslər çıxarıb, nə də imzalanan birgə bəyanatın şərtlərini yerinə yetirmək fikrindədir.

Bunu hərbi ekspert Ədalət Verdiyev AZƏRTAC-a açıqlamasında deyib.

Hərbi ekspert xatırladıb ki, bu fəaliyyətlər Ermənistanın 2020-ci ildə Tovuz rayonu ərazisində törətdiyi təxribatları davam etdirməyi planlaşdırdığını göstərir. 8 Noyabr - Zəfər Günündən sonra başlanan təxribatlarla bağlı Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın belə fəaliyyətləri təkrarlayacağı təqdirdə daha sərt və təsirli, adekvat cavabların verilməsi barədə kifayət qədər ciddi xəbərdarlıq etmişdi. Əfsuslar olsun ki, Ermənistan tərəfi bu dəfə də həmin xəbərdarlıqlara məhəl qoymadı və nəticədə çoxlu itkilərə məruz qaldı.

Ə.Verdiyev qeyd edib ki, baş verən son hadisələr Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycana qarşı təxribat fəaliyyətləridir. Bu genişmiqyaslı təxribatlara ordumuz kifayət qədər sərt və layiqli şəkildə cavab verdi. Azərbaycanın heç bir qonşu ölkənin ərazisində hər hansı siyasi və hərbi hədəfləri yoxdur. Ölkəmizin istədiyi təkcə ötən il noyabrın 10-da qüvvəyə minən birgə Bəyanatın müddəalarının yerinə yetirilməsidir.

“Əfsuslar olsun ki, Azərbaycan tərəfinin sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, sülh müqaviləsinin bağlanması təşəbbüsü ilə dəfələrlə çıxış etməsinə baxmayaraq, Ermənistan bu təklifləri müəyyən üsullarla geri çevirməyə və yaxud onlardan yayınmağa çalışır və bu çağırışlara reaksiya vermir. Baş verən əməliyyatlarda ordumuz düşmənin kifayət qədər genişmiqyaslı təxribatının qarşısını alarkən müəyyən itkilərə məruz qalıb. Belə bir əməliyyatın itkisiz və uğurla başa çatdırılması çətindir. Lakin ordumuzun peşəkarlığı sayəsində düşmən daha böyük itki verib. Azərbaycanın itkiləri isə minimum səviyyədədir. Hərbi əməliyyatlar zamanı Azərbaycan tərəfi 7 şəhid verib, 10 nəfər yaralanıb. Ermənistanın canlı qüvvə itkisi isə 20 nəfərdən çoxdur”, - deyə ekspert vurğulayıb.

Ə.Verdiyev bildirib ki, bu əməliyyatlar nəticəsində mövqelərimiz bərpa olunub. Azərbaycan ərazisində yerləşən iki strateji mövqedə qüvvələrimizin yerləşdirilməsi təmin edilib. Üstəlik düşmən silah-sursatı, həm də texnikası qənimət götürülüb.

“İstənilən halda düşmən təxribatlarının bununla da bitməyəcəyi aşkardır. Odur ki, Silahlı Qüvvələrimiz belə təxribatların qarşısının alınmasına daim hazır olmalıdır. Düşmənə layiq olduğu cavabı verməlidir. Ermənistan Azərbaycanın təklif etdiyi sərhədlərin delimitasiya prosesinə laqeyd yanaşdıqca bu kimi təxribatlar davamlı ola bilər və nəticədə təcavüzkar ölkə daha ciddi itkilərə məruz qala bilər”, - deyə hərbi ekspert vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.