ORDU
Silahlı Qüvvələrimizin şəhid olan əsgəri Şəkidə son mənzilə yola salınıb
Bakı, 1 fevral, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi atəşə tutması nəticəsində Azərbaycan Ordusunun şəhid olan həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eşqin Rəhim oğlu Allahverdiyev fevralın 1-də Şəkinin Böyük Dəhnə kəndində son mənzilə yola salınıb.
Vida mərasimində Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani nazir, general-polkovnik Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun başsağlığını şəhidin ailəsinə çatdırıb. O qeyd edib ki, bu gün Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində ayıq-sayıqdır və düşmənin təxribat qruplarının qarşısı mərdliklə alınır, Ermənistan silahlı bölmələrinin atəşi vaxtında və layiqincə susdurulur. Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun çox yüksək olduğunu vurğulayan A.Qurbani bildirib ki, ordumuz üçrəngli bayrağımızı tezliklə Xankəndidə, Şuşada, Laçında və işğal altında olan digər torpaqlarda qaldırmağa hazır və qadirdir.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu məsələlərinin əsas prioritet olduğunu söyləyib. O, Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer aldığını diqqətə çatdırıb. E.Usubov ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına, əlillərinə daim diqqət və qayğı göstərildiyini bildirib. İcra hakimiyyətinin başçısı şəhid E.Allahverdiyevin ailəsinin də bu diqqət və qayğı ilə əhatə olunacağını vurğulayıb.
Qarabağ Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki şöbəsinin sədri Məmmədnuru Əzizov, Böyük Dəhnə kənd bələdiyyəsinin sədri Kərəm Mürsəlov və başqaları çıxışlarında torpaqlarımızı işğaldan azad etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını söyləyiblər.
Bölgənin qazisi Hacı Kamran əfəndi və şəhidin babası Paşa Vahab oğlu şəhidin dəfninin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Təqribən iki min nəfərdən ibarət izdiham 2 kilometrdən artıq kənd yolunu piyada qət edərək şəhidin cənazəsini başları üstündə apararaq, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə şəhidlər xiyabanına doğru irəliləyib.
Şəhid əsgərimiz Vətən torpağına əmanət edildikdən sonra hərbi ənənələrə uyğun olaraq, yaylım atəşləri açılıb, məzarın üzərinə Müdafiə Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi və ictimai təşkilatların adından əklillər və gül dəstələri düzülüb.
Cənazənin üzərinə sərilmiş müqəddəs bayrağımız əbədi xatirə kimi saxlanılması üçün şəhidin ailəsinə təqdim olunub.
Şəhidin babası nəvəsinin Vətən uğrunda şəhid olmasından böyük qürur duyduğunu və bu bayrağın tezliklə Dağlıq Qarabağda dalğalanacağına əminliyini bildirib.