REGİONLAR
Silahlı Qüvvələrimizin şərəfli tarixi Ulu Öndərimizin adı ilə sıx bağlıdır
Naxçıvan, 9 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin adı ilə sıx bağlıdır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ümummilli lider Heydər Əliyev və ordu quruculuğu” mövzusunda keçilən açıq dərsdə səsləndirilib.
Muzeyin direktoru Ramil Orucəliyev Ümummilli Liderimizin hələ ötən əsrin 70-80-ci illərində azərbaycanlı hərbçi kadrların hazırlanması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Cəmşid Naxçıvanskinin adını daşıyan ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, minlərlə gəncin ölkənin qabaqcıl ali hərbi məktəblərinə göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği bu gün öz tarixi təsdiqini tapır.
Qeyd olunub ki, bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin məntiqi nəticəsidir.
Sonda gənclər muzeyin ekspozisiyası ilə tanış olublar. Dahi şəxsiyyətin fəaliyyət dövrünə aid fotolar, yaradıcılığı ilə bağlı sənədlər və Ümummilli Liderə həsr olunan kitablar gənclər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, açıq dərs Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tərəfindən Gənclər Təşkilatının üzvləri üçün təşkil olunub.