ORDU
Silahlı Qüvvələrin Hərbi Akademiyası beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Avropa ölkələrinin hərbi elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığını davam etdirir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Polşa Respublikasının Varşava Hərbi Tədqiqatlar Universiteti “Beynəlxalq təhlükəsizlik və hərbi tədqiqatlar İSMS 2016” mövzusunda birgə beynəlxalq elmi konfrans keçiriblər.
Silahlı Qüvvələrin Hərbi Akademiyası konfransa telekörpü vasitəsilə qoşulub.
Varşava Hərbi Tədqiqatlar Universitetinin rəhbəri konfransı açaraq, bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev də öz növbəsində konfransın iştirakçılarına uğurlar arzulayıb və birgə əməkdaşlığın perspektivlərindən söz açıb.
Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru S.Sadıyevin “Silahlı Qüvvələrdə müxtəlifliklərin idarə olunması strategiyası” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Silahlı Qüvvələrində multikultural dəyərlərin qorunması və müxtəlifliklərin idarə olunması strategiyasından bəhs edilib. Məruzəçi bu sahədə Azərbaycan modelinin özəlliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi, polkovnik Elşən Həşimov “CİS texnologiyasından istifadə etməklə görünməyən obyektlərin aşkar edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ArcGis proqram təminatından istifadə etməklə real dağlıq ərazinin 3D modelinin qurulması və onun nəticələri barədə danışıb.
Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.