SİYASƏT


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adlı tədbir keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC 

Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi ilə bağlı Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hisslərində və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin Vətən, xalq, dövlət qarşısında müstəsna xidmətləri bir daha xatırlanır, on beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsinə nəzər salınır.

Müdafiə Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Əməkdar artist Ramil Qasımovun ifa etdiyi “İlhamlı günləri Azərbaycanın” (sözləri Abdulla Qurbaninin, musiqisi Azad Zahidindir) mahnısının sədaları altında İlham Əliyevin ali dövlət vəzifəsində çalışdığı 15 ilin mənzərəsi qısa video-xronika vasitəsilə tədbir iştirakçılarına təqdim edilib.

Layihə müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbirə “On beş illik prezidentlik dövrünün möhtəşəm salnaməsi” adının verilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənov da bu mövzuda geniş məqalə ilə çıxış edib. Həmin məqalə nəinki respublikamızda, eləcə də dünyanın bir çox ölkələrində böyük marağa səbəb olub. Azərbaycan Ordusunda bu münasibətlə keçirilən bütün tədbirlər də məhz bu deviz altında təşkil olunur. Həqiqətən də Ali Baş Komandan İlham Əliyevin əsrə bərabər 15 illik prezidentlik dövrü möhtəşəm zəfər salnaməsidir və bu tarix hər birimizin gözləri qarşısında yazılıb.

Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev mövzu ilə bağlı geniş məruzə edib. O, professor Əli Həsənovun məqaləsinə istinadla qeyd edib ki, Ümummilli Liderimizin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 15 il əvvəl, 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Ulu Öndərimizin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçib. İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalqın sonsuz inam və etimadını qazandırdı. Elə buna görə də o, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində yenidən inamlı qələbə qazandı.

General-mayor R.Əliyev bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Prezident İlham Əliyevin misilsiz xidmətləri olduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, müasir mütəşəkkil Azərbaycan Ordusunu yaratmaq Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında ən böyük xidmətlərindəndirsə, bu Ordunun dünyanın 50 ölkəsinin ən güclü orduları sıralarına yüksəldilməsi isə Prezident İlham Əliyevin qətiyyətli sərkərdəliyi nəticəsində mümkün olub.

Hazırda ordumuzun maddi-texniki bazası daha da möhkəmlənir, yeni-yeni silahlar, zenit-raket kompleksləri, artilleriya qurğuları, aviasiya vasitələri, hərbi gəmilər alınır və respublikamızda istehsal olunan müdafiə sənayesi nümunələri artıq beynəlxalq sərgilərdə böyük maraq doğurur. Əsgəri xidmət üçün ən müasir şərait yaradılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu və vətənpərvərlik hissi durmadan artır. Bütün bunlar ölkə rəhbərliyinin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycan əsgəri bu etimada cavab olaraq Ali Baş Komandanın hər bir əmrinə hazırdır və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda böyük inam hissi ilə dediyi “Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan – Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” sözləri alqışlarla qarşılanıb.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı “Azərbaycan Bayrağı” xoreoqrafik kompozisiyasını məharətlə təqdim edib.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Azərbaycan tarixinin əsrə bərabər 15 ilinin uğurlarından danışıb, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov 15 illik prezidentlik dövrünün elmi əsaslarla izahını verərək, ölkə rəhbərinin daxili və xarici siyasətinin uğurlu nəticələrinə dair fikirlərini bildirib.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə olduğu kimi, son 15 il ərzində də Prezident İlham Əliyevin şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşdığını, onların dövlət hesabına fərdi ev, mənzil, minik avtomobili ilə təmin olunduqlarını minnətdarlıqla diqqətə çatdırıb.

Tədbirdə vətənpərvərlik mahnıları və şeirlər ifa olunub. Mərasim “Ali Baş Komandanın hər bir əmrinə hazırıq!” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.