CƏMİYYƏT
Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan kəlbəcərli gənclərlə görüş keçirilib
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri davam etdirilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Kəlbəcər rayon bölməsinin təşkilatçılığı, rayon icra hakimiyyətinin, veteranların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə növbəti mərasim kəlbəcərli gənclər üçün təşkil olunub.
SHXÇDX-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Xidmətin Kəlbəcər rayon bölməsinin rəisi, polkovnik-leytenant Rahim Mustafayev Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gəncləri həqiqi hərbi xidməti müvəffəqiyyətlə yerinə yetirmələri münasibətilə təbrik edib. Bölmə rəisi onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov ölkəmizdə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini, kəlbəcərli gənclərin Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını deyib.
Ehtiyata buraxılmış gənclər adından danışan Arzuman Ömrümov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini bildirib.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərə qiymətli hədiyyələr təqdim olunub.