CƏMİYYƏT
Silahlı soyğunçunu tutaraq polisə təhvil verən soydaşımız Tolyatti polisinin “Təşəkkürnamə”sinə layiq görülüb VİDEO
Moskva, 15 fevral, AZƏRTAC
Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində azərbaycanlı gənc Elvin Quliyev küçədə silahlı soyğunçunu tutaraq polisə təhvil verib.
AZƏRTAC xəbər verir ki, Elvin Quliyevə Rusiya Daxili İşlər Nazirliyi Tolyatti şəhər İdarəsi İctimai Şurasının “Təşəkkürnamə”si təqdim olunub.
Hadisə ötən ilin yayında baş verib. Tolyattinin mərkəzindəki küçələrdən birində Elvin sərxoş kişinin digər kişini bıçaqla vurub telefonunu və pulunu əlindən aldığını görüb. O, qan içində uzanmış yaşlı kişi üçün dərhal təcili yardım çağırıb, cinayətkarın isə əl-qolunu buraraq polisə təhvil verib. Bir neçə bıçaq zərbəsi almış zərərçəkən Elvinin şücaəti sayəsində sağ qalıb, təhlükəli cinayətkar isə həbs edilib.
Soydaşımızın bu əməli unudulmayıb. Rusiya DİN-in Tolyatti şəhər idarəsinin əməkdaşları Elvin Quliyevin məşqçi işlədiyi kluba gələrək “Təşəkkürnamə”ni təntənəli şəraitdə ona təqdim ediblər.
Elvin Baxşeyiş oğlu Quliyev təkbətək döyüş üzrə idman ustalığına namizəd və bir çox turnirlərin qalibidir. Zərbələrinin sürətinə görə idmançılar ona “Şimşək adam” deyirlər. E.Quliyev “Rossiya 24” telekanalının onun haqqında hazırladığı süjetdə cinayətkarı zərərsizləşdirmək üçün bir an belə düşünmədiyini söyləyib: “Onu kimsə dayandırmalı idi. Həm də axı quldurun vurduğu adamın yerində mənim də valideynlərim ola bilərdilər”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva