ELM VƏ TƏHSİL


Silikon Vadisinin eksperti tələbələrə mühazirə oxuyub

Bakı, 27 iyun, AZƏRTAC 

İyunun 27-də Azərbaycan Texniki Universitetində (AzTU) “İdeyadan biznesə” layihəsi çərçivəsində seminar keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Kaliforniya Silikon Vadisinin və Berkeley Universitetinin təmsilçisi Richard Rasmusse tərəfindən keçirilən seminar “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusuna həsr olunub.

Seminarda qonaqları salamlayan AzTU-nun prorektoru, professor Sübhan Namazov Azərbaycanda startap layihələrin və təsisatların formalaşdırılması ilə bağlı son illər görülən işlərə nəzər salaraq qısa zaman ərzində yüksək nəticələr əldə olunduğunu qeyd edib. O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkərək bildirib ki, texnoparkın ali təhsil müəssisələri ilə əməkdaşlığı startap mühitinin formalaşdırılması üçün vacib amildir. Prorektor əməkdaşlıq nəticəsində artıq ikinci uğura imza atıldığını vurğulayıb: “Bir neçə gün öncə bizim alimlərin ixtiraları Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə nəqliyyat və logistika sərgisində nümayiş olundu. Mühüm şəxslər eləcə də ictimaiyyət bir daha bu ixtiralarla, onların əhəmiyyəti ilə bağlı məlumatlandırıldı. Bu görüş isə əməkdaşlığa başladığımız bir ay ərzində ikinci işimizdir. Düşünürəm ki, birgə uğurlarımızın sayı artacaq”.

Nazirliyin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov seminarın əhəmiyyətini vurğulayaraq deyib: “Riçhard Rasmusse ABŞ-ın Silikon Vadisində, eləcə də Kanadada ən məşhur startap ekspertidir. Onun ölkəmizdə olması və tələbələrlə təcrübələrini bölüşməsi çox sevindirici haldır. Düşünürəm ki, tələbələr bu görüşdən faydalı məlumatlar, startapla bağlı yeni metodlar əldə edəcəklər. Çox sevindirici haldır ki, bizim bugünkü görüşümüzdə AzTU tələbələri ilə yanaşı, “İdeyadan biznesə” startap turunun qalibi olan komandaların üzvləri də iştirak edirlər”.

Daha sonra Riçhard Rasmussenin mühazirəsi dinlənilib.

Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər müzakirə olunub. Riçhard Rasmussenin iştirakı ilə bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaqlar.

Xatırladaq ki, Riçhard Rasmusse dünyanın ən böyük biznes ideya yarışması olan “Climate Launchpad”ın hakimlərindən biri rolunda çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.