CƏMİYYƏT
“Silkway Helicopters Services” aviaşirkətinə məxsus helikopter qəza enişi edib, xəsarət alan yoxdur
Bakı, 27 may, AZƏRTAC
“Silkway Helicopters Services” aviaşirkətinə məxsus “Мi-8” helikopteri qəza enişi edib, xəsarət alan yoxdur.
“Silkway” şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 27-də “Silkway Helicopters Services” aviaşirkətinin “Мi-8” helikopteri Xəzər dənizində Çilov adasına məcburi eniş edib.
Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.
“Neft Daşları” yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.
Sərnişinlər təyinat məntəqəsinə “Silkway Helicopters Aviaşirkəti”nin digər helikopterləri ilə çatdırılacaq.
Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.