MƏDƏNİYYƏT
“Silva” tamaşası nümayiş olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri növbəti dəfə səhnəyə qoyulub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşada Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları - Əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar - Emil Heydərov, Firus Məmmədov, Rauf Babayev, Telnaz Hüseynova, Nicat Əli, Aydan Həsənova, Elməddin Dadaşov, Murad Əliyev ilə birgə eyni səhnəni bölüşüb. Tamaşanın quruluşçu-rejissoru Əməkdar artist Boris Lukinski, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri - Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
Dünyada məşhur olan bu əsərin süjet xəttini saf, təmiz sevgi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan böyük sevgi ətrafdakılar, xüsusilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır. Bu mübarizə nəticəsində sonda bir çox qaranlıq mətləblərə aydınlıq gəlir.
Tamaşa teatrın rejissor assistenti Sevinc Məmmədova tərəfindən idarə edilib.