DÜNYA


Silvio Berluskoni İtaliya prezidentliyinə namizədliyini geri götürüb

Roma, 23 yanvar, AZƏRTAC

İtaliyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürmüş sabiq Baş nazir və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni namizədliyini geri götürüb.

AZƏRTAC xəbər verir ki, ölkənin 13-cü prezidentinin müəyyən olunacağı seçkilər öncəsi siyasi partiya və ittifaqlarda fəallıq davam edir.

“İrəli İtaliya”, sağçı “Liqa” və “İtaliya Qardaşları” (FdI) partiyalarından ibarət sağ mərkəzçi alyansın liderləri S.Berluskoninin prezident seçkilərində namizədliyini və strategiyaları müzakirə etmək üçün görüş keçiriblər. S.Berluskoni “Liqa” partiyasının rəhbəri Matteo Salvini və “FdI” lideri Giorgia Melonun iştirak etdiyi toplantıya qatılmayıb. O, alyans tərəfdaşlarına və ictimaiyyətə ünvanlandığı mesajla prezidentliyə namizədliyini geri götürdüyünü açıqlayıb.

Namizədliyi ilk gündən mübahisə mövzusu olan 85 yaşlı S.Berluskoni mesajında milli məsuliyyət hissi ilə hərəkət etdiyini və ölkəsinə müxtəlif yollarla xidmət etməyə davam edəcəyini bildirib. O, namizədliyi boyunca onu dəstəkləyənlərə təşəkkür edib, mərkəz sağ ittifaq olaraq ortaq namizəd seçəcəklərini deyib.

S.Berluskoni deyib ki, hazırkı Baş nazir Mario Draqi də səlahiyyət müddəti bitənə qədər bu vəzifədə qalmalıdır.

Qeyd edək ki, adı tez-tez prezidentliyə namizəd kimi hallanan Baş nazir Mario Draqi prezidentliyə namizədliyini rəsmi olaraq açıqlamayıb. Əgər M.Draqi prezident seçilərsə hökumət buraxılacaq.

Siyasi ekspertlərin fikrincə, M.Draqi Baş nazir kimi qalmalıdır və prezident başqa bir təcrübəli şəxs olmalıdır. Digər ssenari isə M.Draqinin prezident seçilməsi və onun kimi texnokrat bir şəxsin Baş nazir olmasıdır.

Xatırladaq ki, İtaliyada prezident seçkiləri prosesinin birinci turu yanvarın 24-ü parlamentarilər və regional idarəçilərdən ibarət 1009 üzvlü “Böyük Seçki Assambleyası”nın səsverməsi ilə başlayacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.