İQTİSADİYYAT


Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivləri müzakirə edilib

Bakı, 6 sentyabr, AZƏRTAC

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşınıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun birinci müavini Aleksandr Mişarin ilə görüşündə deyib.

Görüşdə Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat sahələrində uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri, səfər çərçivəsində keçirilmiş görüşlər və imzalanmış 17 sənəd əməkdaşlığın genişləndirilməsində xüsusilə önəmlidir.

Nəqliyyat sahəsinin Azərbaycan-Rusiya əməkdaşlığının əhəmiyyətli istiqamətlərindən olduğunu qeyd edən nazir dövlət başçılarının görüşündə də bu məsələnin diqqət mərkəzində olduğunu bildirib. O, səfər zamanı özündə beş yol xəritəsini əhatə edən "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"nın imzalandığını və sənədin nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üzrə Yol Xəritəsi bölməsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə tərəflərin qarşılıqlı əməkdaşlığının xüsusi qeyd edildiyini vurğulayıb.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin hər iki ölkə üçün əhəmiyyətini diqqətə çatdıran iqtisadiyyat naziri bu sahədə görülən işlər, o cümlədən nəqliyyat dəhlizi üzrə dəmir yolu xəttinin tikintisinə dair fikirlərini bölüşüb. Bildirib ki, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün tikintisi hazırda davam edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əlaqələrin genişləndirilməsi və tranzit daşımalarının artırılması sahəsində önəmini vurğulayan nazir nəqliyyat dəhlizi vasitəsilə əvvəlki illə müqayisədə 100 dəfə çox yük daşındığını qeyd edərək, Şərq-Qərb nəqliyyat dəhlizi üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

"Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun müavini A.Mişarin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli layihələrdən olduğunu vurğulayıb, bu istiqamətdə dəmir yolu xəttinin tikintisinə dair işçi qrupunun yaradılması və digər məsələlərə dair fikirlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.