İQTİSADİYYAT


“Şimal-Cənub” Nəqliyyat Dəhlizi region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək

Tehran, 15 avqust AZƏRTAC

Hindistan İran ilə neft ticarətini davam etdirəcək. Hindistanın neft emalı zavodları yalnız İran neftini emal etmək üçün qurulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hindistanın İrandakı səfiri Qəddam Dxarmendra İRNA agentliyinə verdiyi müsahibədə deyib. O bildirib ki, sanksiyalara baxmayaraq İran-Hindistan əməkdaşlığı davam edəcək.

Səfir İranı etibarlı tərəfdaş adlandıraraq hər iki dövlətin beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə iştirak etdiyini diqqətə çatdırıb.

Bu layihələrdən biri “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir. Bu dəhlizin təkmilləşməsi istiqamətində atılan addımlar arasında Hindistanın İranın Çabahar limanına 200 milyon dollar həcmində sərmayə yatırmasını göstərmək olar. Bu limanın Hindistan üçün mahiyyəti ondan ibarətdir ki, Cənub-Şərqi Asiya ölkələri Avropa ilə ticarət əlaqələrini və idxal-ixrac əməliyyatlarını “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirməyi düşünürlər. Həmin ölkələrdən yüklər Çabahar limanına daxil olacaq, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiya ərazisindən tranzit olaraq Avropaya daşınacaq. Yüklərin əks istiqamətdə də bu yolla daşınması ticarət dövriyyəsinin və idxal-ixrac əməliyyatlarının artmasına, eyni zamanda nəqliyyat xərclərinin azalmasına səbəb olacaq. Azərbaycanın isə tranzit ölkə olaraq büdcəsinə valyuta daxil olmaları artacaq.

Səfir nəzərə çatdırıb ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi nəinki layihədə iştirak edən dövlətlərin, ümumilikdə bütün region ölkələrinin iqtisadi inkişafına böyük təkan verəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.