REGİONLAR


Şimal bölgəsində 21 məktəb üçün modul tipli bina quraşdırılır VİDEO

Təhsil ocaqlarının yeni tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulub

Xaçmaz, 14 avqust, Elxan Yusifli, AZƏRTAC

Şimal bölgəsində 21 məktəb üçün yeni modul tipli bina quraşdırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şagird sayı 100-dək olan bu təhsil ocaqlarının yeni tədris ilinin başlanmasına qədər istifadəyə verilməsi nəzərdə tutulub.

Quba rayonunun Alıc kəndində də 40 yerlik modul tipli binanın quraşdırılması işləri aparılır. İbtidai məktəb binası yanğın xəbərdarlıq sistemi, istilik, işıq, su təchizatı, internet, inventar və avadanlıqlarla təmin olunacaq.

2 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin direktor müavini Fərhad Əmrahov bildirib ki, şimal bölgəsində yeni tədris ilinədək istifadəyə verilməsi nəzərdə tutulan 21 modul tipli məktəb binasının əksəriyyətində quraşdırma işlərinə başlanılıb. Qubada 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3, Siyəzəndə isə 2 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

Bu binaların üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Tikinti-quraşdırma işləri başa çatdıqdan sonra Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Rük, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıcqışlaq, Qaracəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın isə Xəlfələr, Qazbabalı kəndləri və Şabran şəhər 1 nömrəli məktəbin şagirdləri müasir binada təhsil alacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.