REGİONLAR
Şimal bölgəsində dulusçuluq ənənəsini yaşadan yeganə sənətkar VİDEO
Quba, 16 dekabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal bölgəsində dulusçuluqla məşğul olan yeganə sənətkar Quba rayonunun Yenikənd kəndində yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 34 ildir dulusçuluqla məşğul olan Nəcəf Qədirov bu işi həmkəndlilərindən öyrənib. Hərbi xidmətdən qayıtdıqdan sonra kənddəki Yusif və Səfər adlı sənətkarlardan dulusçuluğun sirlərini öyrənən Nəcəf 22 yaşından özü saxsı məmulatlar hazırlamağa başlayıb.
Əvvəllər Yenikənddə 10-a yaxın dulusçu olub. İndi isə dulusçuluq ənənəsini yalnız 56 yaşlı Nəcəf Qədirov yaşadır. Sənətkar deyir ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artıb. Dulusçuluqla məşğul olan sənətkarların sayı az olduğundan usta sifarişlərin hamısını qəbul edə bilmir. Müştərilər daha çox nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa gil məmulatlar sifariş edirlər.
“Dulusçuluq çətin olsa da, gəlirli sahədir. Sadəcə, bacarıq və həvəs lazımdır. 22 yaşımdan bu işlə məşğulam. Oğlum mənə kömək edir. Gün ərzində təxminən 7-8 saat çalışıram. Zəhmətimin əvəzini də alıram. Dulusçuluq məmulatları yaxşı alınır. Hazırladığım qabları Bakı şəhərindən olan müştərilərə satıram. Dulusçuluq məmulatları təbii olduğundan içərisində saxlanılan məhsullar heç bir mənfi təsir göstərmir. Pendir, yağ, doşab və s. ərzaqlar da küplərdə, ağartı məhsulları isə saxsı qablarda saxlanılarsa daha keyfiyyətli qalar”, - deyə Nəcəf Qədirov söyləyir.
Sənətkara daha çox yemək bişirmək üçün qablar və nehrələr sifariş olunur. Qabların qiyməti 1-15 manat arasında dəyişir. Ən baha olan nehrələrdir. Hazırladığı nehrələri Nəcəf Qədirovdan 20 manatdan alırlar.
Dulusçuluq məmulatları gilli torpaqdan hazırlanır. Həmin torpaq yük maşınları ilə gətirilib həyətdəki xəndəyə boşaldılır. Üstünə su tökülərək bir həftə saxlanılır. Bundan sonra həmin gilli torpaqdan hissə-hissə götürüb işlədilir. Qabların simmetrik formaya salınması ustalardan xüsusi bacarıq tələb edir.
“Gilli torpağı ilkin mərhələdə əzib, yumşaq hala salırıq. Bundan sonra palçıq yoğurularaq kündəyə çevrilir. Ayaqla hərəkətə gətirilən çarxın üzərində gildən qablar hazırlayıram. Qabların quruması üçün bir aya yaxın gözləmək lazımdır. Təxminən 200-ə yaxın qab hazırladıqdan sonra bişirilmə prosesi başlayır. Hazırladığım qablar kərpicdən hörülmüş kürələrdə 1200-1300 dərəcədə bişirilir. Buna görə də möhkəm və keyfiyyətli olur”, - deyə sənətkar bildirib.
Usta bildirib ki, indi məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı, müasir tələbata uyğun məmulatlar da hazırlayır. Son illər istirahət mərkəzləri, restoranlar ona həm də dekorativ görüntü üçün istifadə olunan gil qablar sifariş verirlər.
Nəcəf Qədirovu şimal bölgəsində dulusçuluq sənətinin “sonuncu mogikan”ı da adlandırmaq olar. O təəssüf edir ki, indiki gənclər dulusçuluqla məşğul olmağa həvəsli deyil. Məmnuniyyətlə gəncləri öyrətməyə hazır olduğunu söyləyən sənətkar qədim ənənələrin yaşamasını istəyir.