REGİONLAR
Şimal bölgəsindəki qeyri-hökumət təşkilatlarının nümayəndələri təlimlərə cəlb olunub
Quba, 1 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Quba Regional Resurs və Təlim Mərkəzində region vətəndaş cəmiyyəti nümayəndələri üçün "QHT-lərin elektron resurslarının yaradılması və QHT nümayəndələrinin İKT bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Şəmsi Əsədullayev" Xeyriyyə İctimai Birliyi tərəfindən həyata keçirilən “Elektron vətəndaş cəmiyyəti şəbəkəsinin inkişafı” layihəsi çərçivəsində reallaşıb.
Layihə rəhbəri və qht.az saytının baş redaktoru Cəsarət Hüseynzadənin apardığı təlimdə Quba və Xaçmazda fəaliyyət göstərən 15 qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.
Təlimdə QHT-lərin vətəndaş cəmiyyəti şəbəkəsinin (www.qht.az) elektron bazasında qeydiyyatı, onlara məxsus subdomenli saytların idarə olunması, QHT liderlərin informasiya bankının yaradılması, QHT liderlərinin bloqlarının idarə olunması və qht.az xəbər saytına xəbərlərin daxil edilməsi ilə bağlı praktiki məşğələlər aparılıb. Təlimlər zamanı bir neçə təşkilat üçün subdomenli sayt yaradılıb.
Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.