REGİONLAR
Şimal bölgəsinin abituriyentləri Xaçmaz şəhərindəki üç mərkəzdə biliklərini sınayıblar VİDEO
Xaçmaz, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda iştirak edən şimal bölgəsinin abituriyentləri Xaçmaz şəhərində yaradılan imtahan mərkəzlərində biliklərini sınayıblar.
AZƏRTAC xəbər verir ki, üç mərkəzdə keçirilən imtahanlarda Xaçmazla yanaşı, Quba, Qusar, Şabran və Siyəzəndən olan 1622 abituriyent iştirak edib.
İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), həmçinin tam orta və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd verən əvvəlki illərin məzunları, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunu olan IX və XI sinif şagirdləri qatılıblar.
Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə, şəhər 9 nömrəli məktəbdə və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində keçirilən imtahanlara 12 rəhbər və 153 nəzarətçi müəllim cəlb olunub.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, mərkəzlərdə şagirdlərin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb ediliblər.
Hər üç mərkəzdə imtahanlar ciddi qayda pozuntusu olmadan başa çatıb.