REGİONLAR
Şimal bölgəsinin fermerləri Qubadakı texnika yarmarkasından faydalanmaq imkanı qazanıb VİDEO
Quba, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Qubada texnika yarmarkasına başlayıb. Yarmarka Quba-Xaçmaz regionunda yaşayan fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2 gün davam edəcək yarmarkada 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir.
Kənd təsərrüfatı texnikası yarmarkaları mayın 20-dən başlayıb. İndiyədək Şəmkir, Bərdə, Şəki, Ucar rayonlarında keçirilib. Yarmarkaları Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir.
“Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa stimul yaradıb. Texnika yarmarkalarında biz bunu çox aydın müşahidə edirik. Dövlət güzəştinin bütün təchizatçılardan texnika alışına tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir”, – deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib.
O qeyd edib ki, fermerlərin istək və ehtiyaclarını nəzərə alaraq, texnika yarmarkasında ənənəvi ehtiyac duyulan traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir. Yeni avadanlıq və qurğuları fermerlərə tanıtmaqda məqsəd onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir.
Növbəti texnika yarmarkası iyunun 11-12-də Lənkəranda keçiriləcək.