REGİONLAR
Şimal bölgəsinin məzunları biliklərini Xaçmaz şəhərindəki 3 mərkəzdə sınayacaq
Xaçmaz, 13 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 14-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayacaqlar.
AZƏRTAC xəbər verir ki, bu bölgədən olan, 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1305 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə, şəhər 9 nömrəli və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan verəcəklər.
DİM-in Xaçmaz regional bölməsindən bildirilib ki, imtahanlara 126 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. Binaların girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün stasionar metal axtaran aparatlar, imtahan iştirakçılarının şəxsiyyətinin müəyyən edilməsi üçün barkod-skanerlər quraşdırılıb.
İmtahanlar Xaçmazla yanaşı, Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan və Lənkəran şəhərlərində, ümumilikdə, 66 binada aparılacaq.
İmtahan saat 11:00-da başlayıb, 3 saat davam edəcək.