REGİONLAR
Şimal bölgəsinin şagirdləri 11 imtahan mərkəzində biliklərini sınayırlar VİDEO
Quba, 3 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanlarda Quba, Qusar, Siyəzən və Xızıdan olan, ümumilikdə, 6 min 337 şagird iştirak edir.
Onlardan 3 min 639 nəfəri IX, 2 min 698 nəfəri isə XI sinif şagirdidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərkəzləşdirilmiş qaydada təşkil olunan buraxılış imtahanlarının keçirilməsi üçün Qubada beş, Qusarda dörd, Siyəzən və Xızıda isə bir imtahan mərkəzi yaradılıb.
DİM-in Xaçmaz Regional Bölməsindən bildirilib ki, imtahanlara 262 nəzarətçi müəllim, o cümlədən 27 imtahan rəhbəri cəlb edilib. İmtahan mərkəzlərində şagirdlərin biliklərini sərbəst nümayiş etdirmələri üçün hər cür şərait yaradılıb.
Sonuncu buraxılış imtahanları respublika üzrə ümumilikdə, 57 min 625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.