REGİONLAR


Şimal bölgəsinin sakinləri 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla anıblar

Xaçmaz, 20 yanvar , Elxan Yusifli, AZƏRTAC 

Azərbaycanın şimal rayonlarında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz rayonunun minlərlə sakini Şəhidlər xiyabanında uyuyan qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. 20 Yanvar şəhidlərindən olan Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Azadlıq yolunda canından keçmiş Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində doğulub. Qanlı Yanvar hadisələri zamanı o da zavoddakı iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar arasında olub. Həmin gecə evə qayıtmayıb və səhər ailəsi onun şəhid olduğunu öyrənib. Z.Abdullayevi güllə ilə başından vurmuşdular.

İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev doğulduğu kənddə dəfn edilib. Kənddəki orta məktəbə onun adı verilib.

Xaçmaz rayonu, ümumilikdə, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə 240-a yaxın şəhid verib.

x x x

Quba rayonunda da 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım mərasimləri keçirilib.

Mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidi Rahib Hüseynovun Quba şəhər qəbiristanlığındakı məzarını ziyarət ediblər. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar rayondan Bakıya getmişdi. Onun olduğu avtomobil atəşə tutulmuş, ağır güllə yarası alan R.Hüseynovun həyatını xilas etmək mümkün olmamışdı.

Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarını qohumları, həmkəndliləri, icra strukturlarının nümayəndələri və məktəblilər ziyarət ediblər. Şəhid Elçin Qeybullayev 1968-ci ildə doğulub. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində işləməyə başlayıb. Qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyan kazarması” adlanan yerdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonu Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

20 Yanvar hadisələri zamanı Qubanın iki sakini şəhid olub, üç nəfər isə yaralanıb.

x x x

Qusar rayonunun ictimaiyyəti də 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.

Şəhər Mədəniyyət Evində Qusar Dövlət Ləzgi Dram Teatrı 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar yazıçı Meyxoş Abdullahın “Əsir qadın” tamaşasını nümayiş etdirib. Tamaşada erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən müsibətlərdən bəhs olunur.

xxx

20 Yanvar faciəsində şəhid olanların xatirəsi Siyəzən, Şabran və Xızı rayonlarında da silsilə tədbirlərlə anılıb. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhid məzarlarının və xatirə abidələrinin önünə tər çiçəklər düzülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.