REGİONLAR
Şimal-qərb bölgəsində keçirilən buraxılış imtahanlarında 4109 şagird iştirak edib
Qax, 18 mart, Mustafa Dadaşov, AZƏRTAC
Martın 18-də Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin əhatə etdiyi Mingəçevir şəhərinin, Balakən, Zaqatala və Qax rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, həmçinin ilk peşə-ixtisas təhsilli müəssisələrin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanı başa çatıb.
Regional bölmədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanların keçirilməsi üçün Mingəçevir, Balakən və Zaqatalanın hər birində 3, Qaxda 1 olmaqla, ümumilikdə 10 imtahan mərkəzi ayrılmışdı. Doqquzuncu sinif şagirdlərinin buraxılış imtahanlarında 4025 nəfər, o cümlədən Mingəçevir şəhəri üzrə 1302, Balakən rayonu üzrə 881, Zaqatala rayonu üzrə 1232, Qax rayonu üzrə 610 şagird iştirak edib.
İlk peşə-ixtisas təhsilli müəssisələrin Qaxda keçirilən buraxılış imtahanında isə 84 nəfər 11-ci sinif şagirdi biliklərini sınayıb.
İmtahanların idarə olunmasına yuxarıda qeyd olunan şəhər və rayonlarda ümumilikdə 29 imtahan rəhbəri və 346 nəzarətçi müəllim cəlb olunmuşdu.
AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 nömrəli məktəb-liseydə keçirilən buraxılış imtahanının gedişini müşahidə edib. İmtahan təlimata uyğun olaraq səhər saat 11:00-da başlanıb. Azərbaycan və gürcü bölmələri üzrə keçirilən imtahanın idarə olunmasına 4 imtahan rəhbəri və 50 nəzarətçi müəllim cəlb olunmuşdu.
İmtahan rəhbəri İlqar Əliyevin bildirdiyinə görə, imtahan prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.
Regional bölmədən verilən məlumata görə, bütün mərkəzlərdə buraxılış imtahanları təlimata uyğun, şəffaf və ədalətli keçib.