REGİONLAR
Şimal-qərb bölgəsində kənd təsərrüfatı texnikası istifadəçilərinə yeni sürücülük vəsiqələri verilib VİDEO
Şəki, 12 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin noyabrın 12-də Şəki Şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında təşkil etdiyi səyyar xidmət zamanı Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 150 mexanizator və digər kənd təsərrüfatı texnikası istifadəçisinə yeni sürücülük vəsiqələri təqdim olunub, eyni zamanda, 45 kənd təsərrüfatı texnikası qeydiyyata alınıb.
Tədbirdə iştirak edən müfəttişliyin baş məsləhətçisi Azər Qarayev AZƏRTAC-a bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, qeydiyyatdan çıxarılması, texniki baxışın aparılması, ipoteka yüklülüyü, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün nəzəri imtahanların keçirilməsi, sürücülük vəsiqələrinin verilməsi (dəyişdirilməsi) və sair əməliyyatlar artıq elektron qaydada aparılır. Eyni zamanda, avtomatlaşdırılmış informasiya sisteminin digər lazımi dövlət orqanlarının elektron sisteminə inteqrasiyası da nəzərdə tutulur.
Qurumun təmsilçisinin bildirdiyinə görə, müfəttişlikdə yeni sürücülük vəsiqələrinin təsdiq olunması ilə əlaqədar sürücülük vəsiqələrinin kütləvi dəyişdirilməsi kampaniyasına başlanılıb. Bu məqsədlə respublikanın 12 regionunda kənd təsərrüfatı texnikalarını idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Bu məntəqələrdə sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi prosesləri həyata keçirilir.
Azər Qarayev bildirib ki, kənd təsərrüfatı sahəsində işlərin çoxluğunu nəzərə alaraq vətəndaşlara xidmətlərin daha asan və daha şəffaf göstərilməsi məqsədi ilə müfəttişlikdə səyyar xidmət qrupu yaradılıb. Bu qrup tərəfindən regionlarda müntəzəm olaraq sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi, həmçinin texnikaların dövlət qeydiyyatına alınması prosesləri həyata keçirilir. Səyyar xidmət qrupu tərəfindən 2016-cı ildə 3 minə yaxın mexanizatora yeni sürücülük vəsiqəsi verilib.