REGİONLAR


Şimal rayonları üzrə 5 yeni məktəb binası inşa olunur

Xaçmaz, 28 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi şimal rayonları üzrə hazırda 5 yeni məktəb binası inşa olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məktəblərdə ümumilikdə 1800-ə yaxın şagird təhsil ala biləcək.

Xaçmaz rayonunun Qusarçay kəndində köhnə məktəb binasında əsaslı təmir işləri aparılmaqla yanaşı, təhsil ocağı üçün 3 mərtəbəli yeni korpusun və idman zalının tikintisi həyata keçirilir. Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin binası 93 il əvvəl istifadəyə verilib. Məktəbdə iki növbədə 900-dən çox şagird təhsil alır. Bir əsrə yaxın yaşı olan təhsil ocağının təmirsiz, maddi-texniki bazasının zəif olması tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Hazırda məktəbin köhnə binasında möhkəmləndirmə işləri və yeni korpusların inşası davam edir. Layihəyə əsasən 960 şagird yerlik məktəbdə sinif otaqları, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Təmir-tikinti işlərinə 2022-ci ilin yanvar ayında başlanılıb, işlərin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Quba rayonunun Digah kəndində də yeni məktəb binası tikilir. Yeni inşa olunan 360 şagird yerlik 3 mərtəbəli binada layihəyə əsasən sinif otaqları, müəllimlər otağı, kitabxana, kompüter otağı, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbi üçün binanın tikintisinin 2022-ci ilin oktyabrında yekunlaşması nəzərdə tutulub. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

Səməndər Musayev adına Uzunboyad tam orta məktəbi üçün inşa olunan yeni bina 264 şagird yerlikdir. İkimərtəbəli binada layihəyə əsasən sinif otaqları, müəllimlər otağı, kitabxana, kompüter otağı, tibb otağı, fənn kabinetləri, laboratoriyalar, akt və idman zalları, yeməkxana fəaliyyət göstərəcək. Tikinti işlərinə 2021-ci ilin fevral ayından başlanılıb. Məktəb binasının bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Bundan əlavə, Qubanın Qələdüz kəndində 132 şagird yerlik, Qənərçay kəndində isə 56 şagird yerlik modul tipli məktəblər quraşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.