QAN YADDAŞI
Şimal rayonlarında 20 Yanvar qurbanlarının xatirəsi böyük ehtiramla anılıb VİDEO
Xaçmaz, 20 yanvar , Elxan Yusifli, AZƏRTAC
Azərbaycanın şimal rayonlarında 20 Yanvar qurbanlarının xatirəsi böyük ehtiramla anılıb.
AZƏRTAC xəbər verir ki, Xaçmazda minlərlə rayon sakini Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarlarını ziyarət edib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini dərin hüznlə yad ediblər. Ziyarətçilər 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Xaçmaz rayonu ümumilikdə 240-a yaxın şəhid verib. Onlardan biri 20 Yanvar qətliamı, 220-yə yaxını Qarabağ müharibəsində həlak olub. On beş xaçmazlı isə 1988-ci ildə Ermənistanda baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün köməyə adam aparan təyyarənin ermənilər tərəfindən vurulması nəticəsində həyatını itirib.
Quba rayonunda da 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunan anım mərasimləri keçirilib. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə şəhər qəbiristanlığında dəfn olunmuş 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət edib. Bundan sonra mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini yad ediblər.
Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayin kənd qəbiristanlığındakı məzarını qohumları, həmkəndliləri, icra strukturlarının nümayəndələri və məktəblilər ziyarət ediblər. Mərasimdə qanlı faciə baş verən gecə yoldaşları ilə birlikdə “Salyanski kazarma” deyilən yerdə tankların qarşısına əliyalın çıxan Elçinin qəhrəmancasına şəhid olmasından danışılıb.
20 Yanvar hadisələri zamanı Qubanın 2 sakini şəhid olub, üç nəfər isə yaralanaraq əlillik dərəcəsi alıb.
Qusar rayon ictimaiyyəti də 20 yanvar faciəsinin 26-cı ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib.
Daha sonra şəhər Mədəniyyət Evində toplaşan mərasim iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında törətdiyi qırğınlardan danışıblar. Bu tarixin Azərbaycan xalqının qan yaddaşına yazılan qəhrəmanlıq salnaməsi olduğu bildirilib. Vurğulanıb ki, həmin gecə dinc və günahsız insanların sovet qoşunları tərəfindən amansızlıqla qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqımızın mübarizə əzmini qıra bilməyib.
Çıxışlardan sonra səhnədə Qusar Dövlət Ləzgi Dram Teatrı kollektivinin hazırladığı kompozisiya nümayiş etdirilib.
Saat 12.00-da Qusar şəhəri ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, yollarda avtomobillərin hərəkəti dayanıb, səs siqnalları verilib.