CƏMİYYƏT
Şimal rayonlarında meyvəcinsli ağacların əkilmə qaydaları - mütəxəssis rəyi
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.
Bu təşəbbüsün həyata keçirilməsi ərəfəsində ağacların əkin qaydaları, üsulları, təbii şəraitə və relyefə uyğun ağac seçimləri, əkilən ağacların bitiş faizinin yüksək olması üçün nə edilməli, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov AZƏRTAC-ın saytında ağac əkmək təşəbbüsünə qoşulmaq istəyənlərə mütəmadi olaraq öz tövsiyələrini verir.
Bu dəfə nazirliyin əkinçilik üzrə mütəxəssisi şimal rayonlarında meyvəcinsli ağacların əkilməsi barədə danışıb.
- Şimal rayonlarında hansı meyvəcinsli ağaclar əkilməlidir?
- Şimal rayonlarında yerli iqlim şəraitinə uyğun armud, yunan qozu, gilas, fındıq, şabalıd, gilənar, gavalı, alça, ərik, alma, şaftalı və s. ağaclar əkilir.
- Meyvəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?
- Ən əsası yerin seçilməsinə diqqət yetirilməlidir. Ərazinin mailliyi 10 dərəcədən yuxarı olduqda əkin terras üsulu ilə, yəni pilləkənvari aparılmalıdır. Bu üsul ilə əkini aşağı yamaclarda aparmaq olmaz. Çünki burada soyuq hava əsasən aşağı hissələrdə toplanır və nəticədə ağaclar inkişaf etmir. Ağacın kök sisteminin yaxşı formalaşması üçün torpaq 1 metr dərinlikdə yumşaq, 2-2,5 metr dərinlikdə isə nəmli olmalıdır. Ting əkilərkən 40-50 santimetr dərinlikdə çalalar qazılmalı, çala kənardan gətirilən münbit torpaq, qum və üzvi gübrədən ibarət qarışıq ilə doldurulmalıdır.
Dağlıq və dağətəyi ərazilərdə əkinin erkən yazda aparılması daha məsləhətdir. Əgər tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik olmalıdır. Tinglərin kök boğazı ən azı 10-12 millimetr, kök sistemi isə 30-35 santimetr olmalı, əkilməmişdən qabaq mil kökləri kəsilməlidir ki, ağac yaxşı inkişaf etsin.
Ağacların yaxşı inkişaf etməsi və bol məhsul verməsi üçün mütləq hər il onlara üzvi və mineral gübrə verilməlidir. Həmçinin azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əgər ağac zəif inkişaf edirsə azot, məhsulu zəifdirsə fosfor, meyvəsi kiçikdirsə, soyuğa və quraqlığa davamlılığı zəifdirsə kalium gübrəsi vermək vacibdir. Tingin boyu inkişaf dövründə 60-70 santimetr inkişaf edibsə, gübrənin verilməsi dayandırılmalıdır.
Suvarma hava şəraitindən asılı olaraq, budama isə 2-ci ildən sonra bütün meyvə ağaclarında olduğu kimi aparılmalıdır.