REGİONLAR
Şimal rayonlarında qaydaları pozan 120 sürücü cəzalandırılıb VİDEO
Xaçmaz, 27 avqust, Elxan Yusifli, AZƏRTAC
Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə şimal rayonlarında keçirilən reydlər zamanı qaydaları pozan 120 sürücü barəsində protokol tərtib edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə təşkil olunan reydlərdə sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Qusar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin həyata keçirdiyi reyd zamanı bir nəfər axtarışda olan şəxs də müəyyən edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində Xaçmazda 39, Qubada 30, Qusarda 21, Siyəzən və Şabran rayonlarının hər birində isə 15 sürücü inzibati qaydada cəzalandırılıb.
Yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.