REGİONLAR
Şimal rayonlarından 40-a yaxın gənc çilingər peşəsinə yiyələnəcək VİDEO
Xaçmaz, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsi ilə bağlı keçirilən hazırlıq kurslarına şimal rayonlarından 38 gənc cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Xaçmaz şəhərində keçirilən kurslarda gənclərə nəzəri və praktiki biliklər aşılanır, qaz avadanlıqlarının istismarı, əl terminalları və sayğacları ilə davranış qaydaları öyrədilir. Bundan əlavə, kurslarda əməyin təhlükəsizliyi, ilk tibbi yardımın göstərilməsi, yanğın təhlükəsizliyi qaydaları haqqında da məlumatlar verilir.
Təlimlərdə müvəffəqiyyətlə iştirak edən gənc çilingərlər “Azəriqaz” İB-nin regionlarda fəaliyyət göstərən xidmət sahələrində daimi işlə təmin olunacaqlar.
Qeyd edək ki, SOCAR-dan verilən məlumata görə, regionlarda qazlaşdırma işlərinin geniş vüsət alması, quraşdırılan avadanlıqların istismarı, yararsız boru xətlərinin yenilənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması üzrə yaranan əlavə iş həcmlərinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyində (İB) 1000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb.