REGİONLAR
Şimal rayonlarından olan 847 məzun qəbul imtahanlarında biliyini sınayıb
Xaçmaz, 27 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 27-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil edilən I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında şimal rayonlarından ümumilikdə 847 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Nadiroğlu AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Xaçmaz rayonunda 4 mərkəzdə keçirilən imtahanlara 88 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub.
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı saat 10:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Binaya daxil olan iştirakçıların məsafədənölçən elektron termometrlə hərarətləri yoxlanılıb. İştirakçılar bütün prosesboyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
Bu gün Xaçmazla yanaşı, Bakı, Gəncə, Qazax, Ağstafa, Şəki, Bərdə, Göyçay, Şirvan, Salyan və Lənkəranda da qəbul imtahanları keçirilib.