REGİONLAR
Şimal regionun bazarlarında arpanın qiyməti ucuzlaşıb VİDEO
Şabran, 17 iyun, Elxan Yusifli, AZƏRTAC
İyun ayının ikinci ongünlüyündən başlayaraq Şabran rayonunun taxılçılıq təsərrüfatlarında arpa biçininə başlanılıb. Bununla əlaqədar şimal regionunun bazarlarında arpanın qiymətində ucuzlaşma müşahidə olunur. Alıcılar əvvəl bir kiloqram arpanı 28-30 qəpiyə alırdısa, indi qiymət 20-22 qəpiyə enib.
AZƏRTAC xəbər verir ki, hazırda biçin rayonun Ağalıq, Çölquşçu, Rəhimli, Uzunboyad və Şabran inzibati ərazi dairələrinin ərazilərində aparılır. Biçinə 20 kombayn cəlb olunub. Fermerlər məhsuldarlığın ötən illə müqayisədə yüksək olduğunu bildiriblər.
Şabran Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Natavan Mustafayeva AZƏRTAC-a müsahibəsində bildirib ki, rayonda 12 min 316 hektar sahədə taxıl əkilib. Bunun 5 min 249 hektarını arpa, 6 min 248 hektarını isə buğda zəmiləri təşkil edir. Rayon ərazisində arpanın əsasən “Cəlilabad-19” sortu əkilib.
Hazırda bütün qüvvələr taxılın vaxtında və itkisiz yığılmasına yönəlib.
Bununla yanaşı, rayondakı özəl toxumçuluq təsərrüfatlarında da məhsuldarlıq yüksəkdir. Toxum müfəttişi Cəbrayıl Həsənov bildirir ki, bu təsərrüfatlarda buğdanın “Əzəmət-95”, “Krasnodar 99”, “Azəri”, “Qobustan”, arpanın isə “Qarabağ-22” və “Cəlilabad-19” sortları yetişdirilir.
Təsərrüfatlarda əkilmiş toxumluq taxılın 1055 hektarını arpa, 878 hektarını isə buğda sahələri təşkil edir.
Mütəxəssislər toxumluq taxıl sahələrində məhsuldarlığın orta hesabla 40-45 sentner olacağını proqnozlaşdırırlar.