DÜNYA
Şimali Avropa ölkələri İsveçdə COVID-19-un yayılmasından narahatdır
Stokholm, 23 may, Rauf Əliyev, AZƏRTAC
Şimali Avropa ölkələri İsveçdə COVID-19-un yayılmasından narahatdır.
AZƏRTAC İsveç KİV-lərinə istinadən xəbər verir ki, Norveç və Finlandiya turizm mövsümünün başlanması səbəbi ilə yaxın vaxtlarda sərhədlərini açmağı nəzərdən keçirirlər. Bununla birlikdə, bu ölkələrin hökumətləri hələ də İsveçə gediş-gəlişdə mövcud məhdudiyyətləri qüvvədə saxlamağı planlaşdırır.
Norveç və Finlandiya ilə yanaşı, Danimarkada bir neçə müxalifət partiyası alman və norveçlilərin ziyarətləri üçün sərhədin açılmasını tələb edirlər, lakin sərhədlərin açılması, çox güman ki, İsveç vətəndaşlarına şamil edilməyəcək.
Şimal ölkələrinin bu yanaşmasının səbəbi İsveçdə koronavirus infeksiyası hallarının sayının əhəmiyyətli dərəcədə artmasıdır ki, artıq 30 mindən çox insan bu xəstəliyə yoluxub. Bu da öz növbəsində ölənlərin sayında özünü büruzə verir ki, nəticədə 3 min 800 nəfər isveçli öz həyatını itirib. Bu da Danimarka, Norveç, Finlandiya və İslandiyada virus qurbanlarının ümumi sayından üç dəfə çoxdur.
Qeyd edək ki, mövcud vəziyyətə baxmayaraq, İsveç hökuməti Danimarka, Norveç və Finlandiyadakı həmkarları ilə sərhədlərin açılması məsələsi barəsində danışıqları davam etdirir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm