CƏMİYYƏT
Şimali İrlandiyadakı soydaşlarımız Ermənistanın cəzalandırılmasını tələb edir
Bakı, 7 oktyabr, AZƏRTAC
Şimali İrlandiyada yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının (AKŞ) Şimali İrlandiya üzrə əlaqələndiricisi Pərvanə Ağazadənin adından “Amnesty İnternational”, “Humanity in action”, “Human Rights Initiative” kimi beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin sübutu kimi qiymətləndirilib.
Qeyd edilib ki, aşkar edilmiş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur. Ermənistan tərəfinin indiyə qədər 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb edilib.
Birləşmiş Krallıqda yaşayan soydaşlarımızın Edilli cinayətindən dərin hiddət hissi keçirdiyi vurğulanıb.
Ermənistan silahlı qüvvələrinin 30 illik işğal dövründə ölkəmizə və xalqımıza qarşı çoxlu sayda hərbi cinayətlər törətdiyini xatırladan AKŞ əlaqələndiricisi beynəlxalq birlikdən bu məsələyə adekvat reaksiya göstərilməsini, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görülməsini tələb edib.