DÜNYA
Şimali Karolinada ofis binasında baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb
Vaşinqton, 11 aprel, AZƏRTAC
Şimali Karolina ştatının Darem şəhərinin mərkəzindəki Braytlif meydanında yerləşən binaların birində güclü partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə orqanları partlayışın zirzəmidə qaz sızması səbəbindən baş verməsini təxmin edirlər. Hadisə nəticəsində binanın xeyli hissəsi dağılıb, güclü yanğın başlayıb. Hadisə yerinə onlarca yanğınsöndürən maşın gəlib.
Hakimiyyət orqanları bildirirlər ki, bir nəfər – həmin binadakı kafelərdən birinin sahibi həlak olub, həmçinin 17 nəfər yaralanıb. Braytlif meydanında həmin binanın yaxınlığında çoxlu mədəniyyət müəssisələri, restoran və kafelər yerləşir. Hadisənin baş verdiyi yerin ətrafındakı bütün binalarda olanlar dərhal təxliyə edilib.
Binanın ətrafındakı rayon hərəkət üçün bağlanılıb. Hakimiyyət orqanları, həmçinin zərər çəkmiş yanğınsöndürən barədə də xəbər veriblər. Yanğının baş verməsinin dəqiq səbəbinin araşdırılması ilə bağlı təhqiqat aparılır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton