Şimali Kiprdə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
AzerTAg.az
Bakı, 5 noyabr (AZƏRTAC). Şimali Kipr Doğu Akdeniz Universitetinin (DAU) nəzdindəki Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, cəmiyyətin prezidenti Elçin Süleymanov iştirakçılara konfransın əhəmiyyətindən danışmış, bu tədbirin tariximizin, mədəniyyətimizin təbliği, gənclərin dünyagörüşünün inkişafı məqsədi ilə keçirildiyini bildirmişdir.
Konfransda “Azərbaycan-Türkiyə münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsində gənclərin rolu” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin deputatı Gülər Əhmədova Azərbaycanın xarici siyasəti, diaspor fəaliyyəti, gənclərin dövlətçiliyin möhkəmləndirilməsində rolu, elm, təhsil və mədəniyyətimiz barədə ətraflı məlumat vermişdir. Deputat azərbaycanlı gəncləri tariximizə biganə yanaşmamağa, harada olduqlarından asılı olmayaraq mədəniyyətimizi layiqincə təmsil etməyə çağırmışdır.
Tarixçi alim, Milli Məclisin deputatı Musa Qasımlı da “Azərbaycan və Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda çıxış etmişdir.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Azərbaycanlı deputatlar gənclərin suallarını cavablandırmışlar.
Konfransdan sonra G.Əhmədova Şimali Kipdə fəaliyyət göstərən ictimai-siyasi qəzetlərin redaktorları ilə görüşmüşdür.
Xəbərin mətnində orfoqrafik səhv var