MƏDƏNİYYƏT
Şimali Kiprdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
Bakı, 16 dekabr, AZƏRTAC
Şimali Kipr Türk Respublikasının Yaxın Şərq Universitetində azərbaycanlı rəssam Ramina Səadətxanın fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Ramina Səadətxanın sərgisi Şimali kiprli iş adamı və mesenat, Yaxın Şərq Universitetinin təsisçisi və rektoru Suat Günselin təşəbbüsü ilə keçirilib. Sərgidə rəssamın 40 gün ərzində Şimali Kiprin paytaxtı Lefkoşada çəkdiyi 21 əsəri nümayiş olunub.
Sərginin açılışında Şimali Kipr Türk Respublikasının rəsmi şəxsləri də iştirak ediblər.
Ramina Səadətxan nümayiş olunan əsərlərə görə universitetin rəhbərliyi tərəfindən “Gümüş açar” fəxri mükafatına layiq görülüb.
Sərgi dekabrın 20-dək davam edəcək.
Qeyd edək ki, R. Səadətxanın sərgisi xüsusi olaraq Şimali Kipr Modern Sənət Muzeyi üçün nəzərdə tutulub. Həmyerlimizdən başqa, sözügedən muzey üçün Türkiyə və Qazaxıstan rəssamlarının əsərlərindən ibarət sərgilər də təşkil edilib.