DÜNYA
Şimali Koreya Çinin öz suverenliyini qorumaq hüququnu tam dəstəkləyir
Pekin, 4 avqust, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) Tayvan məsələsinə hər hansı xarici qüvvələrin müdaxiləsini pisləyir və Çin hökumətinin öz suverenliyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək üçün ədalətli mövqeyini tam dəstəkləyir.
AZƏRTAC Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, bu fikirlər KXDR Xarici İşlər Nazirliyinin sözçüsünün məsələyə dair açıqlamasında yer alıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini şərh edən XİN rəsmisi bildirib ki, Tayvan Çinin ayrılmaz hissəsidir və Tayvan məsələsi Çinin daxili işidir. Suveren dövlətin onun daxili işlərinə açıq müdaxilə edən və ərazi bütövlüyünü pozan xarici qüvvələrin hərəkətlərinə qarşı cavab tədbirləri görməyə qanuni hüququ var.
Açıqlamada deyilir ki, hazırkı vəziyyət ABŞ-ın başqa dövlətlərin daxili işlərinə müdaxiləsini, qərəzli siyasətinin və hərbi təxribatlarının həqiqətən də regionda sülhün və təhlükəsizliyin pozulmasının əsas səbəbi olduğunu açıq göstərir.
Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də Tayvan adasına səfərə gəlib. Rəsmi Pekin Birləşmiş Ştatları “Vahid Çin” siyasətini, habelə Çinin ərazi bütövlüyünü və suverenliyini pozmaqda, regionda vəziyyəti gərginləşdirməkdə ittiham edir. Çin bu addıma sərt cavablar verəcəyini bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin