Şimali Koreyada COVID-19 virusuna ilk yoluxma halı qeydə alınıb
AzerTAg.az
Pekin, 12 may, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasında COVID-19 virusuna ilk yoluxma halı və ya halları qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, paytaxt Pxenyan sakinlərindən götürülmüş nümunələrin analizləri nəticəsində pasiyentin virusun “omikron” ştamına (BA.2 altvarinat) yoluxduğu məlum olub. Dəqiq neçə nəfərin yoluxması barədə məlumat verilmir.
Ölkədə virusa ilk yoluxma halı ilə əlaqədar KXDR lideri Kim Çen Inın rəhbərliyi ilə Koreya Fəhlə Partiyası siyasi bürosunun təcili iclası keçirilib. İclasda ölkənin virusla mübarizəsində maksimum fövqəladə hal elan edilib. Kim Çen In gözlənilməz böhranı dəf etmək üçün bütün şəhər və rayonlarda sərt qapanmaları tətbiq etməyi, ölkənin quru, su və hava sərhədlərində qabaqlayıcı tədbirlərin gücləndirilməsini tapşırıb.
Qeyd edək ki, COVID-19 böhranı başlayandan bəri KXDR sərhədlərini bağlayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin mətnində orfoqrafik səhv var