DÜNYA
Şimali Koreyanın yayım şirkəti oğurlanmış yaponiyalılar məsələsinin tənzimləndiyini bəyan edib
Tokio, 16 iyun, AZƏRTAC
Şimali Koreyanın dövlət radiosunda yayımlanan verilişdə bəyan edilib ki, oğurlanmış yaponiyalı vətəndaşlarla bağlı məsələsi həllini tapıb.
AZƏRTAC Yaponiyanın Şimali Koreyanın kütləvi informasiya vasitələrinin təhlili ilə məşğul olan “Radiopress” agentliyinə istinadla xəbər verir ki, bu barədə Pxenyan radiosu iyunun 15-də məlumat yayıb.
“Radiopress”in şərhində qeyd edilir ki, verilişdə Pxenyanın oğurlanan yaponlar barədə əvvəllər də mövcud olan mövqeyi bir daha təsdiqini tapıb. Vurğulanır ki, Şimali Koreyanın qənaətinə görə, Yaponiya artıq həll edilmiş məsələni təkrar qaldırmaqla müəyyən üstünlük qazanmaq istəyir.
Tokionun ünvanına yönələn tənqiddə bildirilir ki, Yaponiya tərəfi Koreya yarımadasında sülhün bərqərar edilməsinə yönələn və beynəlxalq ictimaiyyətin də alqışladığı meyillərə kölgə salmağa çalışır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio