DÜNYA
Şimali Reyn-Vestfaliyada mennonitlər icması COVID-19-un yenidən baş qaldırmasına səbəb olub
Berlin, 9 iyul, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətində koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, təkcə Oyskirhen icmasında 500 nəfər karantinə götürülüb. İlkin məlumata görə, yoluxmanın mənbəyi mennonitlər sektasından olan böyük ailədir. Bu ailənin yoluxdura biləcəyi insanların əhatə dairəsi kifayət qədər genişdir. Məlum olub ki, icmanın üzvləri fəal şəkildə kilsəyə gedir və sosial məsafəyə riayət olunmasına o qədər də əhəmiyyət vermirdilər.
İbadətxanaların, ahıllar evinin bağlandığı, yarmarkaların qadağan edildiyi dairənin sakinləri indi pulsuz testlənmədən keçməlidirlər. Siyahısı bələdiyyə tərəfindən müəyyən edilən 500-dək insan özləri ilə uşaqlarını da gətirəcək. Onlar mütləq ikihəftəlik karantin dövrünü keçməlidirlər.
İcma infeksiyanın bundan sonra yayılmasının qarşısını almaqdan ötrü hakimiyyət orqanları ilə fəal əməkdaşlıq edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin