ELM VƏ TƏHSİL
Simulyasiya oyununun məqsədi tələbələrin maliyyə savadlılığının artırılmasıdır
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun və Mərkəzi Bankın dəstəyi ilə “Yığım oyunu və maliyyə savadlılığı” simulyasiya oyunu keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tələbələrə oyun barədə məlumat verilib.
Təşkilatçı Elçin Salmanov nəzərə çatdırıb ki, tədbirin məqsədi gənclərdə maliyyə savadlılığının artırılmasıdır.
Təlimçi Fərid Talıblı İştirakçıları simulyasiya oyununun şərtləri ilə tanış edib. Bildirilib ki, oyunda hər komanda bir ailəni təmsil edəcək. Komandalar öz şəxsi büdcələrini formalaşdıraraq oyun boyu bu büdcəni düzgün idarə etməklə xal toplamalıdırlar. Bununla da gənclər xərclərini düzgün istiqamətləndirməyi öyrənərək yığım istedadı qazanacaqlar.
Oyunda büdcəni düzgün istiqamətləndirən və şkala üzrə ən yüksək xal toplayan komanda qalib gəlib.
Qaliblərə beynəlxalq sertifikatlar verilib.
“Yığım oyunu və maliyyə savadlılığı” simulyasiya oyunu Azərbaycan ilə yanaşı, Gürcüstan, Qazaxıstan, Türkmənistan və Qırğızıstanda da keçirilir.